Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Dünya Bankı Azərbaycan əhalisinin yalnız 17 faizinin ali təhsilə malik olduğunu, təhsilin səviyyəsinin isə ürəkaçan olmadığını bəyan edir
Dünya Bankı (DB) son illərdə Azərbaycanda təhsilin keyfiyyətinin aşağı düşməsi ilə bağlı çıxış edib. Bankın "Azərbaycan: həyat şəraitinin qiymətləndirilməsi hesabatı"nda bildirilir ki, təhsil xidmətlərinə ayrılan investisiyaların və büdcə vəsaitlərinin həcminin artmasına baxmayaraq, bu sahədə yüksək inkişaf meyilləri əldə olunmayıb. Təhsildə ciddi nöqsanlar qalmaqda davam edir. Dünya Bankının baş iqtisadçısı Lire Ersado bildirib ki, son 8 ildə təhsil sistemində həm infrastruktur təminatının, həm də maddi-texniki bazanın möhkəmlənməsinə baxmayaraq, ümumilikdə təhsil alanların, yəni şagird və tələbələrin bilik səviyyəsi, dünyagörüşü, hazırlığı, informasiya texnologiyaları sahəsində lazımi bilik və təcrübələri qənaətbəxş deyil. Azərbaycanda təhsilin ümumi göstəriciləri bir çox region dövlətləri ilə müqayisədə çox aşağıdır. Ölkədə ali təhsilli vətəndaşların xüsusi çəkisi xeyli azdır. DB-nin baş iqtisadçısı hesab edir ki, təhsil problemini qısa müddətdə həll etmək mümkün deyil, amma Azərbaycan hökuməti 10 ildən artıqdır ki, bu sahəyə xeyli məbləğdə pul ayırır, islahatlar həyata keçirir. Buna baxmayaraq, tədrisdə və kadr hazırlığında nəzərəçarpacaq irəliləyişlər yoxdur. Bu gün Azərbaycan əhalisinin yalnız 17 faizi ali təhsillidir, halbuki, bu göstərici heç olmasa 50 faiz olmalıdır. Hazırda orta inkişaf mərhələsinə daxil olan dövlətlərdə ali təhsilə malik vətəndaşların sayı 65 faizdən yüksəkdir. Təhsil müəssisələrinə qəbul aşağı səviyyədədir. Məktəbəqədər və ali təhsil arasında ciddi bərabərsizlik müşahidə olunur. Oxşar ölkələrlə müqayisədə isə ali təhsil sahəsindəki vəziyyət Azərbaycanın xeyrinə deyil. Ümumiyyətlə, ali təhsil sahəsində iştirak səviyyəsi çox aşağıdır, burada qeyri-bərabərlik mövcuddur. Xüsusilə də, şəhər və kənd, ümumiyyətlə regionlar arasında fərqlərin artması qeyd olunan sahələrdə çətinlikləri daha da artırır. Lire Ersado Azərbaycan hökumətinə ölkədə ali təhsilli insanların sayını artırmağı tövsiyə edir. DB təklif edir ki, ali təhsilin inkişaf etdirilməsi üçün kütləvi dəyişikliklərlə yanaşı, keyfiyyətli təhsil sisteminin təşkili vacibdir. Təhsilə ayrılan vəsaitlər səmərəli xərclənsin və qeyd olunan problemlərin aradan qalxmasına imkan yaratsın. DB hökumətə tövsiyə edir ki, təhsilin keyfiyyətinin, effektivliyinin artırılması, maliyyə sistemində, rayonlarda tədrisin keyfiyyətinin yaxşılaşdırılması sahəsində islahatlar davamlı olmasa, onda gələcəkdə təhsil, səhiyyə, elm və digər bölmələrdə nailiyyətlərdən danışmaq mümkün olmayacaq. Təhsil sektorunda bir çox uğurlarla yanaşı, nöqsanların olmasını bir müddət əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də bildirib. Cənab Mehdiyev deyib ki, ölkənin bəzi tədris müəssisələrində təhsilin səviyyəsi aşağıdır. Bəzi universitetlərə ali məktəblərdə gənclər təşkilatının yaradılmasında lazımi kömək göstərilmir. Onun fikrincə, tələbə-gənclər təşkilatları ictimai birlikləri ali məktəblərdə təhsilin inkişafına dəstək göstərə, tələbələrin ölkənin ictimai-siyasi və mədəni həyatında iştirakını və onların hüquqlarını təmin edə bilər. Buna görə də, həmin qurumların fəaliyyətinə geniş yer verilməlidir. Prezident Administrasiyasının humanitar şöbəsinin müdiri Fatma Abdullazadə isə bildirib ki, təhsilin problemləri ali və orta məktəbin, hansısa təhsil qurumunun üzərinə düşürdüsə, artıq təhsil bütün cəmiyyətin problemidir. Məhz buna görə də təhsil konsepsiyası hazırlanmalıdır. Şöbə müdiri deyib ki, təhsil təkcə hansısa ali məktəbi qurtarmaqdan və diplom almaqdan ibarət deyil. Azərbaycan gənclərinin təhsil almaq həvəsi çox yüksəkdir. Amma ali məktəbin problemləri ilk növbədə təhsildə çalışan yüksək ixtisaslı kadrların çoxunun dünyalarını dəyişmələri ilə bağlıdır. Təhsildə yeni proqramlara, innovasiyalara, yeni yanaşmalara böyük ehtiyac var. Təhsil üzrə tanınmış mütəxəssis Firudun Cəlilov bildirir ki, bu gün təhsil dünyada iqtisadi inkişafın əsas indikatorlarından biri sayılır. Bütün inkişaf proqramlarının və yeni layihələrin reallaşması yüksək təhsil və elmi nailiyyətlərdən asılıdır. Bir çox ölkələrdə təhsilin səviyyəsi tədris müəssisələrinin səviyyəsi ilə ölçülür. Azərbaycanda təhsil orta səviyyədə olsa da, bəzən bir çox meyarlara görə, digər dövlətlərə nisbətdə xeyli geri qalır. Burada tədris mexanizmlərindəki boşluqlarla yanaşı, tədrisin keyfiyyətindəki nöqsanlar, maddi vəziyyət və sairə məsələlər də əsas yer tutur. Təhsil sahəsində aparıcı mütəxəssis, Dövlət Dillər Universitetinin müəllimi, professor Fəxrəddin Veysəlov isə hesab edir ki, bu gün təhsil mühitinin saflaşması ən böyük problemlərdən biridir. Digər problem isə təhsil işçilərinin maddi vəziyyətinin yaxşılaşdırılması ilə bağlıdır. Ali məktəb müəllimi bir neçə yerdə işləyir və bu, tədrisin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Digər tərəfdən, Avropaya inteqrasiyaya baxmayaraq təhsilin yeni mexanizimləri yarımçıq qalır. Xüsusilə də qəbul imtahanları sistemi nəinki mükəmməl deyil, çox böyük qüsurlara malikdir. Mütəxəssis deyir ki, təhsil orta məktəbdən başlayır. Orta məktəblərdə yetişdirilən şagirdlərin səviyyəsinin aşağı olmasını qəbul imtahanları zamanı abituriyentlərin topladıqları baldan da görmək olar. Məsələn, imtahanda iştirak edən abituriyentlərin 24 faizi təxminən 100 bal, 22 faizi 100-200 intervalında, 20,81 faizi isə 200-300 intervalında bal toplayanlardır. Göründüyü kimi, orta məktəbi bitirib imtahan verənlərin 70 faizə yaxını tədris proqramının 50 faizinə də bələd deyil. Bu gün ölkəmizdə 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı cəmi 400 nəfərdir. Bu, abituriyentlərin 1 faizi də demək deyil. Avropada bu rəqəm 10 faizdən yüksəkdir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.