Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Bazardakı avtomobillərin əksəriyyətini kreditini vaxtında ödəyə bilməyənlərin maşınları təşkil edir
- BMW-ni daha ucuz avtomobillə barter edirəm - Mercedes satılır. Qiyməti razılaşma yolu ilə - Vurulmuş maşınlar daha ucuz qiymətə…
Bu tip elanlara avtomobil saytlarında, küçələrdə hərəkət edən nəqliyyat vasitələrinin şüşələrində və ən əsası da maşın bazarlarında tez-tez rast gəlirik. Nədənsə hamı öz avtomobilindən qurtulmaq fikrinə düşüb. Bu isə avtomobil bazarında yaşanan krizisin hələ də tam aradan qaldırılmadığından xəbər verir. Mövcud halla daha yaxından tanış olmaq məqsədi ilə maşın bazarına baş çəkdik. Yardım etmək üçün bizə yaxınlaşan Samir (ad şərtidir) adlı şəxs yeni, bank, yoxsa vurulmuş maşın istədiyimizlə maraqlandı. Söhbət əsnasında öyrəndik ki, bazarda satışa çıxarılan avtomobillərin əksəriyyətini kreditlərini vaxtında ödəyə bilməyənlərin əllərindən alınmış maşınları təşkil edir. Bundan bankların da udduğunu demək olmaz. Çünki bank maşını sahibinin əlindən alsa da, avtomobili satmaq üçün alıcı tapmaqda çətinlik çəkir. Nəticədə də bank itirdiyi məbləği geri qaytara bilmir. Bazarda olduğumuz vaxtda vurulmuş avtomobillərin də çox ucuz qiymətə satıldığını gördük. Məsələn, "Ford Focus"un yenisi bazarda 15-17 min dollar olduğu halda, vurulmuşu 4-7 min dollara təklif edilir. Samirin bildirdiyinə görə, həmin avtomobili işlək vəziyyətə gətirmək üçün ən çoxu 2-3 min bəs edər. Vurulmuş maşınlar arasında banklara aid avtomobillər də kifayət qədər idi. Həmin avtomobillər uzun müddətdir ki, alıcı gözlədiyindən təkərlərinin artıq torpaqda kök saldığını gördük. Avtomobil satışının hansı səviyyədə olduğuna gəlincə, Samir vəziyyətin heç də ürəkaçan olmadığını dedi: "Əvvəllər alıcılar bahalı və müasir standartlara cavab verən maşınlara daha çox üstünlük verirdilər. İndi isə onlar ucuz və az xərc tələb edən avtomobil axtarırlar. Ən pisi isə odur ki, maşın almaq istəyənlərin heç birinin nağd pulu yoxdur. Banklar da maşını növbəti dəfə kreditlə vermək istəmirlər. Bir bəladan qurtarıb digərinin əlinə keçməməkdən ötrü banklar da pulun bir qisminin nağd, cüzi qisminin isə kreditlə ödənilməsi tələbini irəli sürürlər". Məlumat üçün bildirək ki, 2009-cu ilin statistikası 2008-ci illə müqayisədə avtomobil idxalının təxminən 42,3 faiz azaldığını göstərir. Belə ki, mövcud iqtisadi böhran nəticəsində tələbin kəskin azalması, alıcılıq qabiliyyətinin aşağı düşməsi avtomobil bazarındakı dinamikaya mənfi mənada çox ciddi təsir edib. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramin Osmanov da bunu təsdiq etdi: "İndi müvafiq strukturları narahat edən əsas məsələ 2010-cu ilin iki ayı ərzində idxalın ötən ilin müvafiq dövrü ilə müqayisədə 70 faizə qədər azalmasıdır". Avtomobil idxalının azalmasına təsir edən digər amillər avrostandartların tətbiqi ilə bağlıdır. Bu səbəbdən də orta və xırda sahibkarlar ili köhnə olan avtomobillərin Azərbaycana gətirilməsinə artıq həvəs göstərmir: "Burada risk amili olduqca ciddi məsələdir. Risklərin artımı artıq sahibkarların bu istiqamətdəki fəaliyyətinə kifayət qədər ciddi təsir göstərir. Gürcüstan, Almaniya, Dubaydan ölkəmizə gətirilən, əsasən ili köhnə avtomobillərin idxalında çox ciddi azalmalar qeydə alınıb. Səbəb isə avro-2, avro-3 standartlarının tətbiqi məsələsidir ki, köhnə avtomobillərin gətirilməsində bu da kifayət qədər ciddi rol oynadı. Artıq iyul ayından Azərbaycana idxalda müəyyən qadağaların tətbiq olunması gözlənilir. Burada məsələ Avropa, eyni zamanda Asiya ölkələrindən gətirilən avtomobillərə tətbiq olunacaq il məsələsi ilə bağlıdır". Həmin avtomobillərə maksimum 7 il müddət müəyyən ediləcək və 7 il əvvəldən istehsal olunmuş avtomobillərin Azərbaycana gətirilməsinə qadağa qoyulacaq. Rusiya avtomobillərində isə bu müddət 5 il təşkil edəcək: "Belə qərarlar idxala bilavasitə təsir göstərir. Bundan başqa, idxalın azalmasına daxili səbəblər də təsir edir. Məsələn, qərar qəbul olunmadan qeyri-rəsmi şəkildə müəyyən inzibati qadağalar, inzibati resurslar hesabına bəzi problemlərin yaranması da öz təsirini göstərir. Ötən illə müqayisədə bu il hətta avtomobillərin texniki baxışdan keçməsində belə müəyyən qiymət fərqi müşahidə edilib. Bununla yanaşı, gömrük rüsumlarında az da olsa qeyri-rəsmi artımlar müşahidə olunur". Ekspertin sözlərinə görə, əslində Azərbaycan kimi avtomobil istehsalı ilə məşğul olmayan dövlətlərdə, məsələn, qonşu Gürcüstanda avtomobil idxalına tətbiq olunan rüsumlar çox aşağıdır: "Təəssüflər olsun ki, Azərbaycanda belə deyil. Bəzi dövlət qurumları bunu ölkədə yaranmış tıxac və digər problemlərin həlli ilə əlaqələndirirlər. Amma hesab edirəm ki, əslində bu, təbii prosesdir. Bunun qarşısını almaq yox, əksinə, ona kömək etmək lazımdır. Son bir neçə ildə ölkədə əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşması nəticəsində avtomobil artıq bahalı əmlak növündən tədricən insanların həyat tərzinə çevrilməyə başlayıb. Ona görə də bu prosesin qarşısını hər hansı formada almaq, qadağalar tətbiq etmək, orta və aşağı təminatlı əhalinin avtomobillə təmin olunması istiqamətində problem yaratmaq yersizdir". R.Osmanov dövriyyədə yeni standartlara cavab verən avtomobillərin sayının cüzi rəqəmlə ifadə olunduğunu da deyir: "Bu, bəlkə 20 faiz də təşkil etmir. Ölkədə bu gün istismarda olan avtomobillərin il baxımından bölgüsü üzrə araşdırmalar göstərir ki, onların mütləq əksəriyyətinin istehsal ili 2000-ci ildən əvvələ təsadüf edir. Bu da o deməkdir ki, artıq həmin avtomobillər avrostandartların tələblərinə cavab vermir". Ümumilikdə isə avrostandartların tələbləri kifayət qədər geniş məsələdir. Ekspertin fikrincə, standartlar eyni vaxtda bütün istiqamətlərə tətbiq edilməlidir: "Bu standartları bir sahəyə tətbiq edib, digərinə tətbiq etməmək düzgün deyil. Yanacağın keyfiyyətinin, idxal və istismar olunan avtomobillərin həmin standartlara uyğunlaşdırılması ilə yanaşı, ölkənin yol-nəqliyyat infrastrukturunda da çatışmazlıqlar aradan qaldırılmalıdır". Köhnə avtomobillərə tələbata gəlincə, ekspert onların ölkəyə gətirilməsini tələblə əlaqələndirdi. Onun sözlərinə görə, mövcud vəziyyət əslində əhalinin alıcılıq qabiliyyətinə adekvat məsələdir. Belə ki, bu gün əhalinin alıcılıq qabiliyyəti daha çox istismarda olan, ili köhnə və nisbətən ucuz avtomobilləri almağa imkan verir: "Son 2-3 ilin araşdırmaları göstərir ki, Azərbaycanda avtomobillərin tədricən illərinin yenilənməsi prosesi gedir. Bu proses əslində istehlakçıların iradəsindən asılı olmadan mexaniki şəkildə həyata keçirilir. Bu da təbii və normaldır". Məlumat üçün bildirək ki, Azərbaycana kütləvi avtomobil gətirilməsi prosesi təxminən 80-ci illərin əvvəllərindən başlayıb. Əgər 2006-cı ildə Azərbaycanda istismarda 500 min avtomobil var idisə, indi həmin rəqəm 1 milyona çatıb: "Bu da son 3 ildə əhalinin sosial-iqtisadi durumunun ötən 25 illə müqayisədə Avropa yaşayış səviyyəsinə daha çox yaxınlaşmasından xəbər verir. İqtisadi böhranın baş verməsi Azərbaycanın avtomobil idxalına təsir etsə də, yaxın 5-10 ildə ölkədə maşınların sayının indikindən 2 dəfə çox artacağı proqnozlaşdırılır". Apardığımız araşdırmanın sonunda belə qənaətə gəldik ki, avtomobillərin sayının kəskin artmasının digər bir səbəbi də var. Bu, orta statistik azərbaycanlının özünü avtomobilsiz təsəvvür edə bilməməsidir. Buradan da belə nəticəyə gəlmək olar ki, proses bu templə davam edərsə, müvafiq strukturlar tezliklə mövcud yol infrastrukturunun yeniləşdirilməsi, əlavə yol və yolötürücülərinin çəkilməsi barədə düşünməli olacaqlar… Gülər KƏRİMLİ.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.