Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Məzahir Əfəndiyev: "Əgər vaxtında bu problemin üzərinə gedilib həll edilməsə,xəstəlik epidemiya halını ala bilər"
“Cəmiyyətdə o hissi aşılamağa çalışmalıyıq ki, narkotik istifadəçisi xəstəlikdən əziyyət çəkən şəxsdir.”
Əsrin bəlası olan narkomaniya problemi bütün dünyada olduğu kimi, Azərbaycanda da mövcuddur. Son illər isə narkotik istifadəçilərinin sayı durmadan artır. Respublikamızda bununla bağlı görülən tədbirlərə baxmayaraq, problemin qarşısını almaq hələ də mümkün olmayıb. Niyə? Bu suala ətraflı aydınlıq gətirmək üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) "Cənubi Qafqazda Narkotiklərə Nəzarət" (SKAD) Proqramının ölkə üzrə rəhbəri Məzahir Əfəndiyevə müraciət etdik. - Məzahir müəllim, Azərbaycanda narkotik istifadəçiləri ilə bağlı açıqlanan rəqəmlər sizcə reallığı nə dərəcədə əks etdirir? - Hazırda narkotiklərin qeyri-qanuni ticarəti bütün dünyada ən aktual problemlərdən biridir. Əksər ölkələrdə narkotikə meyillilik durmadan artır. Birləşmiş Millətlər Təşkilatının 2005-ci ildə açıqladığı rəqəmlərə görə, dünyada 200 milyon narkotik istifadəçisi var idi. 2009-cu ildə isə bu rəqəm 15 milyon artıb. Bununla yanaşı, narkotik ticarəti ilə məşğul olanların sayı da çoxalıb. Rəsmi statistikaya görə, Azərbaycanda artım tendensiyası müşahidə olunur və hazırda təxminən 24 min nəfər qeydiyyatdadır. Hər il narkoistifadəçilərin sayı təxminən 1000-1100 nəfər artır. Rəsmi rəqəmlərlə yanaşı, real nəzəriyyəni əks etdirən qeyri-rəsmi məlumatlar da var. Müxtəlif mənbələrdən götürülən həmin rəqəmlər də narkoistifadəçilərlə bağlı vəziyyətin ürəkaçan olmadığını göstərir və bu da göstərir ki, rəsmi statistika heç də Azərbaycandakı reallığı əks etdirmir. Belə ki, Azərbaycanda narkoxəstələrlə yanaşı, bu və ya digər formada narkotik istifadəçiləri də mövcuddur. Onlar hələ narkomaniya xəstəliyinə düçar olmasalar da, risk qrupuna daxildirlər və yaxın vaxtlarda narkoistifadəçi ola bilərlər. Məsələyə bu kontekstdən yanaşsaq, görərik ki, Azərbaycanda narkomaniyaya meyilli olan gənclərin sayı da artır. - Narkotik istifadəçilərinin sayının artmasına rəvac verən amillər hansılardır? - Təkcə Azərbaycanda yox, dünyada da aparılan təhlillər bunu göstərir ki, narkotikə aludəçilik daha çox 21 yaşınadək baş verir. 21 yaşdan sonra adətən maddi baxımdan tam təmin olunan ailələrin övladları narkotikə meyillənir. Bu şəxslərin narkotikə aludəçiliyi isə ilk öncə maraqla bağlı olur. Yeniyetmə və gənclər narkotikin zərəri barədə düzgün məlumatlandırılmayanda narkotik aludəçisinə çevrilir. Bu gün nümayiş etdirilən müxtəlif seriallarda, internet saytlarında narkotiklə bağlı şirnikləndirici məlumatların yayılması bu vərdişin dəbə çevrilməsinə səbəb olub. Artıq narkotikdən istifadə edən qadınların sayı da artmaqdadır. Rəsmi statistikaya görə, onların sayı 500 nəfərdən çoxdur. Bir müddət öncə işsizlik amili də narkotikə aludəçiliyə səbəb olan amillər sırasında idi. Azərbaycan ailələrində yaşanan depresiyalar, boşanmalar və ictimai nəzarətin olmaması insanların narkomaniyanın qurbanına çevrilməsinə rəvac verir. - Nədənsə hələ də narkotik istifadəçilərinə cinayətkar kimi baxırıq. Respublikamızda narkoistifadəçilərə qarşı mübarizə formasını dəyişmək vaxtı çatmayıbmı? - Çox maraqlı bir məsələyə toxundunuz. On il əvvəl belə bir fikir var idi ki, əgər kimsə narkotik istifadəçisidirsə, o, cəmiyyətdən hökmən təcrid olunmalıdır. Bir həqiqət qəbul edilməlidir ki, narkotik istifadəçisi cəmiyyətin xəstəsidir. Narkomaniya probleminə düçar olan hər bir şəxsi xəstə kimi qəbul etmək və onun müalicəsinə çalışmaq lazımdır. Artıq dünyanın əksər ölkələrində bu, birmənalı olaraq qəbul edilib. Son dövrlər aparılan tədqiqat nəticəsində cəmiyyətə müəyyən qədər təsir etməyə nail olmuşuq. Artıq Azərbaycan cəmiyyəti də qəbul etməyə başlayıb ki, narkotik istifadəçiləri xəstədir və onların müalicəsi istiqamətində real tədbirlər görmək lazımdır. Amma təəssüf ki, hələ də Azərbaycanda belə şəxslərin müalicəsi üçün real imkanlar yarada bilməmişik. Nə narkodispanser Avropa standartlarına uyğun qurulub, nə də reallığa cavab verə biləcək digər reabilitasiya mərkəzi var. Bu məsələ mütəxəssisləri də ciddi narahat edən problemlərdən biridir. Hesab edirəm ki, artıq yanaşmanın dəyişməsi ona gətirib çıxaracaq ki, cəmiyyət həmin şəxsləri narkotik aludəçiliyindən əziyyət çəkən insanlar kimi qəbul edəcək. Cəmiyyət zaman keçdikcə bu insanların yenidən sağalaraq həyata qayıtmasına yardımçı olacaq. Amma unutmaq lazım deyil ki, narkotik istifadəçiləri həm də potensial olaraq cinayətə meyilli insanlardır. Həmin şəxslər ilk olaraq psixoloji asılılığa düşür. İlk olaraq onlarda narkotikdən istifadə nəticəsində vəziyyətlərinin yaxşılaşacağı ilə bağlı yalançı həzz yaranır. Sonra isə həmin insanlar fiziki olaraq narkotikdən asılı insanlara çevrilirlər. Bu asılılıq isə onları cinayətə sövq edir. İlk öncə pul axtarışına çıxarkən valideynlərlə yaranan münaqişə ailə münasibətlərinin pozulmasına gətirib çıxarır. Ailədə pul tapa bilməyəndə isə artıq ətrafından oğurluq və digər xırda cinayətlər törətməyə başlayırlar. Sonrakı mərhələdə isə artıq onlar cinayətkara çevrilirlər. Buna görə də risk qrupuna daxil olan 21 yaşadək gənclərimizi qorumağa çalışmalıyıq. Bunun üçün də cəmiyyətdə düzgün maarifləndirmək siyasəti aparılmalıdır. Cəmiyyətdə o hissi aşılamağa çalışmalıyıq ki, narkotik istifadəçisi xəstəlikdən əziyyət çəkən şəxsdir. Onlar tək bir ailənin yox, ümumilikdə, cəmiyyətin xəstəsidirlər, onları bu vəziyyətə çatdıran cəmiyyət olub və bu mənada həmin şəxslərin müalicəsinə çalışılmalıdır. Əks halda bu, narkotik istifadəçilərinin cəmiyyətdən təcrid edilməsinə və daha da aqressivləşməsinə səbəb ola bilər. Narkotik istifadəçilərinin cəmiyyətə sağlam şəxs qayıtmasına, bu cür təbliğat və maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac var. - Hazırda bir nəfər narkotik istifadəçisinin reabilitasiya olunması üçün nə qədər vəsait tələb olunur? - Bu həmin şəxsin narkotikə aludəçilik səviyyəsindən asılı olaraq dəyişir. Əgər həmin şəxs artıq neçə illərdir narkotikdən istifadə edib fiziki asılılıq qazanıbsa, onun tam reabilitasiyası təxminən 10 min dollara başa gəlir. İlkin mərhələdə isə bu rəqəm bir qədər azdır. Amma respublikamızda narkoistifadəçilərin reabilitasiyası ilə bağlı proqram mövcud deyil. Onların tam sağalıb cəmiyyətə dönməsi üçün fərdi yanaşma olmalıdır. - Hər hansı xəstəlikdən əziyyət çəkən şəxs ilk dəstəyi ailəsindən gözləyir. Narkotik istifadəçilərini isə əksər hallarda ailəsi belə qəbul etmir. Aparılan təbliğat nəticəsində bu münasibəti dəyişmək mümkün olacaqmı? - Təəssüf ki, bu günə qədər də, Azərbaycanda belə stereotiplər mövcuddur ki, hər hansı ailədə narkotik istifadəçisi varsa, onlara qarşı qorxunc yanaşma özünü göstərir. Bu xəstəlikdən əziyyət çəkənlər çox vaxt öz ailəsində sıxışdırılır. Bu yanaşma nəticə etibarı ilə narkomanı özünütəcridə aparıb çıxarır. Ailəsindən uzaq düşən narkotik istifadəçisi cəmiyyətdə eyni münasibətlə qarşılaşan qrupun arasına düşür. Bu isə həmin şəxsin müalicə alaraq sağlam vətəndaş kimi cəmiyyətə dönməsində böyük problemlər yaradır. Əgər vaxtında narkotik istifadəçisi xəstə şəxs kimi qəbul edilib digər xəstəlikdən əziyyət çəkənlər kimi həkimə müraciət etsə, onların reabilitasiyası daha asan olardı. Bu mənada ailədə bu cür xəstələrə qarşı çox həssas yanaşma olmalıdır. Amma son illər apardığımız işlər nəticəsində cəmiyyətin təxminən 50-60 faizində münasibətin dəyişməsinə nail ola bilmişik. Artıq Azərbaycan cəmiyyəti də narkotik istifadəçilərini xəstəlikdən əziyyət çəkən şəxslər kimi qəbul etməyə başlayıb. Xalid AZƏR.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.