Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
GƏNCLƏR İLİNƏ HƏSR EDİLMİŞ YARADICILIQ DEKADASI DAVAM EDİR
Artıq yarım əsrdir ki, neftçilərin A. İsgəndərov adına mədəniyyət sarayında təsviri sənət studiyası fəaliyyət göstərir. Bu müddət ərzində minlərlə uşaq və yeniyetmə burada rəssamlıq texnikasına yiyələnmiş, fırça və qələmlə işləməyi öyrənmişdir. 1980-ci ildən bu studiyaya Hacırza Məlikov rəhbərlik edir. Hacırza müəllim üçün mədəniyyət sarayı ikinci evə çevrilmişdir. O, 6 yaşından saraya bağlanmışdır. Əvvəlcə rəssamlıq dərnəyinin üzvü olmuş Ə.Əzimzadə adına rəssamlıq məktəbinin heykəltəraşlıq fakültəsini bitirdikdən sonra işə mənimsədiyi sənətin sirlərini burada balaca təsviri incəsənət həvəskarlarına öyrətməyə başlamışdır. Hazırda studiyada 30 nəfər yeniyetmə və gənc məşğul olur ki, aralarında istedadlı gənclər çoxdur. Burada onlar təsviri incəsənətin tarixi ilə tanış olur, rəssamlıq texnikasına yiyələnirlər. Hacırza müəllim deyir: "Sözsüz ki, uşaqların çoxu rəssam olmayacaq. Lakin əsas məqsəd onlarda bu sənətə qarşı məhəbbət, məsuliyyət hissi və intizam tərbiyə etməkdir". Həqiqətən də kollektivdə təlim-tərbiyə və yaradıcılıq işi düzgün aparılır. Tez-tez tərbiyəvi mövzularda söhbətlər, təsviri sənət haqqında mühazirələr, tanınmış rəssamların əsərlərinin müzakirəsi və s. təşkil olunur. Bu cür maraqlı məşğələlər gəncləri kollektivə daha çox cəlb edir. Studiyanın yetişdirmələri bu gün də kollektivlə əlaqə saxlayırlar. İmkan olduqca studiyanın məşğələlərinə gəlirlər, kollektivin yetirmələrindən olan İnarə Abdullayeva və Cavid Məmmədov Rəssamlıq Akademiyasında qabelendən (milli toxuma) dərs deyirlər. Rövşən Məmmədov Pirallahı adasındakı neft estakadasında rəssam işləyir. Cavid və Tərlan Əliyev qardaşları Memarlıq İnstitutunda işləyirlər. Kollektivin gənc yetirməsi Pərviz İsmayılov isə bu il hərbi xidmətini bitirdikdən sonra yenidən studiyaya qayıtmış, sevdiyi sənətlə məşğul olmağa başlamışdır. O, öz üzərində çalışaraq böyük həvəslə Rəssamlıq Akademiyasına hazırlaşır. Gənc nəslin estetik tərbiyəsi üzrə apardığı böyük və səmərəli işi, yüksək yaradıcılıq nailiyyətlərini nəzərə alaraq kollektivə 1981-ci ildə "Xalq kollektivi" adı verilmişdir. Yaradıcılıq nailiyyətlərinə görə studiya dəfələrlə diplom və fəxri fərmanlarla təltif edilmiş, bir çox müsabiqələrin laureatı olmuşdur. Onlar respublika və rayon üzrə keçirilən tədbirlərdə müntəzəm iştirak edirlər. Novruz bayramında İçərişəhərdə, "Gül bayramı"nda Dənizkənarı Milli Parkda təşkil etdikləri sərgiyə, "Mazut müqaviləsi - 100" müsabiqəsində 1-ci yeri tutduqlarına görə diplom və pul mükafatları almışlar. Həmkarlar ittifaqlarının gənclər ilinə həsr edilmiş Yaradıcılıq Dekadası çərçivəsində mədəniyyət sarayının təşkil etdiyi "Gənclik - bu gün" sərgisi də tamaşaçılar tərəfindən maraqla qarşılandı. Sərginin ekspozisiyasında 60-dan çox müxtəlif mövzularda təsviri və tətbiqi sənət əsərləri nümayiş etdirilmişdi. Gənc rəssamların işləri mövzu rəngarəngliyinə görə çox maraqlı idi. Müharibəyə nifrət, doğma təbiətin əsrarəngiz mənzərələri, əmək adamları, idman, incəsənət, respublikada yeni quruculuq işləri - bütün bunlar sərgidə təqdim edilən əsas mövzular idi. Bu studiyanı artıq respublikadan kənarda da tanıyırlar. Onlar Londonda, İranda, İsveçdə, Türkiyədə keçirilən sərgi və bayramlarda Azərbaycanı layiqincə təmsil ediblər. Amerika səfirliyinin ofisinin divarlarında uşaq hüquqlarına dair panno hazırlamışlar. İndi studiyanın üzvləri Hindistanda "Shankars" uşaq qalereyasının dekabrın 31-də keçirəcəyi "Dünyanın uşaqları" adlı təsviri və dekorativ sərgiyə hazırlaşırlar. Təsviri xalq studiyasının yüksək nailiyyətlər qazanmasında mədəniyyət sarayının direktoru Hacı Əliyevin və bədii rəhbər Firuzə Nurməmmədovanın zəhməti böyükdür. Onlar kollektivin işləməsi üçün hər cür şərait yaratmağa çalışır, gənc nəslin estetik tərbiyəsinə böyük diqqət yetirirlər. Noyabrın axırlarında studiyanın 50 yaşı mədəniyyət sarayında böyük təntənə ilə qeyd ediləcək.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.