Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Noyabrın 5-6-da Gürcüstanın Tbilisi şəhərində "Mehriban qonşuluq: çağırışlar, perspektivlər və Cənubi Qafqaz ölkələri həmkarlar ittifaqlarının vəzifələri" mövzusunda konfrans keçirilmişdir. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Ümumi Avropa Regional Şurasının (ÜARŞ) Beynəlxalq Əmək Təşkilatı və Fridrix Ebert Fondu ilə birlikdə təşkil etdiyi bu beynəlxalq tədbirdə Azərbaycan, Gürcüstan və Ermənistan həmkarlar ittifaqları ilə yanaşı digər ölkələrin qeyri-hökumət təşkilatlarının ekspertləri, mütəxəssisləri də iştirak edirdilər. Konfrans "Mehriban qonşuluq siyasəti, irəliləyiş üçün Avropa Sosial Modeli, onun dəyərləri və prinsipləri" mövzusunda müzakirələrlə başladı. Mövzu ətrafında Cənubi Qafqazda Avropa Şurası Nümayəndəliyinin rəhbəri Per Eklundun "Avropa Şurasının mehriban qonşuluq siyasəti: imkanlar və hədlər", Şərq Ölkələri üzrə Sosial-İqtisadi Şuranın Əlaqələndirmə Qrupunun sədri Karin Alleveveldtin "Mehriban qonşuluq və vətəndaş cəmiyyəti" mövzularında məruzələr dinlənildi. Sonra söz Cənubi Qafqaz ölkələri Hİ mərkəzlərinin nümayəndələrinə verildi. AHİK sədrinin müavini Aqil Dadaşov milli reallıqlar və həmkarlar ittifaqlarının imkanlarından danışdı. "Mehriban qonşuluq siyasəti çərçivəsində fəaliyyət planı" haqda Avropa və Avroatlantik İnteqrasiya Məsələləri üzrə Dövlət Naziri Aparatının nümayəndəsi Ketevan Xeladze, "Ümumi Avropa Regional Şurası, onun missiyası və rolu" barədə isə ÜARŞ-nın nümayəndəsi Qriqor Qradev konfrans iştirakçılarına ətraflı məlumatlar verdilər. Növbəti müzakirə mövzusu "Avropa Şurası və Cənubi Qafqaz həmkarlar ittifaqları arasında əməkdaşlığın möhkəmləndirilməsi: birgə təşəbbüslər" oldu. Konfransın ikinci günü ərzində əsasən "Əməkçilərin hüquqlarının müdafiəsi: beynəlxalq və regional mexanizmlər" mövzusu ətrafında çıxışlar və müzakirələr keçirildi. Beynəlxalq standartlar üzrə ekspert Marqarita Tux "Beynəlxalq əmək normaları", Avropa Komitəsinin Sosial Hüquqlar üzrə birinci vitse-prezidenti Andrjey Svyətkovski "Avropa Sosial Xartiyası-əməkçilərin hüquqlarının müdafiəsi mexanizmləri" barədə geniş məruzələrini təqdim etdilər. Eyni zamanda "Layiqli əmək: milli proqramlar və həmkarlar ittifaqlarının rolu" mühüm məsələ kimi gündəmdə yer almışdı. Bu mövzuda BƏT-in Moskva Ofisinin mütəxəssisi Sten Petersen və Gürcüstanın Əmək, Sağlamlıq və Sosial Müdafiə Nazirliyinin nümayəndəsi Georqi Kakaçia öz mülahizələrini söylədilər. Konfransda nəzərdə tutulmuş gündəlik bitəndən sonra bütün iştirakçılar Gürcüstan həmkarlar ittifaqı mərkəzinin keçirdiyi dəyirmi masa ətrafına toplaşdılar. Gündəmə gürcü həmkarlar ittifaqlarının milli qanunvericilik aktlarına münasibət, o cümlədən respublika Əmək Məcəlləsinin bir sıra maddələrinin Konstitusiya normalarına cavab vermədiyi məsələsi çıxarılmışdı. Müzakirələrdə iştirakçıların, eləcə də Azərbaycan nümayəndələrinin təklifləri, öz ölkələrinin mövcud praktikasından çıxış edərək verdikləri məsləhətlər nəzərə alındı. Bölmə iclaslarında (enerji, nəqliyyat, təhsil, səhiyyə, sosial islahatlar və s.) aparılan diskussiyalarda Azərbaycan nümayəndələri (T.Quliyev, A.Eyyubov, C.İsmayılov və bu sətirlərin müəllifi) yüksək fəallıq nümayiş etdirmiş və dəyərli təkliflər irəli sürmüşlər.
Namiq HÜSEYNOV, AHİK-in zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.