Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
"Kənd-Qida İş" Hİ Federasiyası "Həmkarlar ittifaqlarında idarəetmə və yeniləşmə" beynəlxalq layihə çərçivəsində Saatlı və Sabirabad rayon komitələri ilə birgə sahə həmkarlar ittifaqı komitə sədrlərinin, fəallarının, müəssisə mütəxəssislərinin maarifləndirilməsi və hüquqi təbliğatın həyata keçirilməsi yönümündə seminar keçirmişdir. Seminar "Kollektiv və əmək müqavilələrinin bağlanması, işçilərin əmək və sosial-iqtisadi hüquqları sahəsində qanunvericiliyə riayət olunmasına ictimai nəzarətin həyata keçirilməsində və əmək mübahisələrinin həllində həmkarlar ittifaqının rolu" mövzusuna həsr edilmişdi. Federasiyanın sədr müavini Təhmasib Əliyev toplantını açaraq hazırkı şəraitdə müəssisələrdə kollektiv və əmək müqavilələrinin bağlanmasının zəruriliyini vurğulamışdır. Bildirmişdir ki, son zamanlar işçilərin sosial-iqtisadi hüquqları sahəsində əldə edilmiş nailiyyətlər arxayınlaşmağa əsas vermir. Federasiya rəhbərliyi, mütəxəssisləri sahə işçilərinin əmək hüquqlarına riayət edilməsinə nail olmaq üçün ictimai nəzarəti həyata keçirməklə yanaşı, həmkarlar ittifaqı fəallarının, işəgötürənlərin nümayəndələrinin müntəzəm maarifləndirilməsinə, hüquqi təbliğatın daha da genişləndirilməsinə xüsusi diqqət yetirirlər. T. Əliyev bunu da əlavə etdi ki, maarifləndirmə işinin səviyyəsini yüksəltmək üçün beynəlxalq təşkilatların təcrübəsindən də geniş istifadə olunur. Onlardan alınmış informasiyalar sahənin həmkarlar ittifaqı üzvlərinə operativ çatdırılır. Bu da öz növbəsində işin yaxşılaşdırılmasına böyük köməklik göstərir. Federasiyanın baş hüquq müfəttişi-bu sətirlərin müəllifi əmək müqavilələrinin və kollektiv müqavilələrin bağlanması anlayışı və hüquqi əsasları, Əmək Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, əmək mübahisələrinin həlli barədə seminar iştirakçılarını məlumatlandırdı. Vurğuladı ki, hələ də bir sıra müəssisələrdə əmək müqavilələri bağlanmır. Əmək müqaviləsi bağlanılmadan işlədilən işçilər əsas və əlavə məzuniyyətlərdən, qanunla müəyyən edilmiş digər təminatlardan məhrum olurlar. Həmin işçilərə həmçinin istirahət günləri və iş vaxtından artıq işə görə də əksər hallarda əlavə ödənişlər verilmir. Tədbirdə həmçinin deyildi ki, fərdi-kəndli (fermer) təsərrüfatlarında və ailə müəssisələrində də əmək münasibətləri bir qayda olaraq Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanılmaqla tənzimlənməlidir. Bu müəssisələrin bəzilərində əmək müqavilələrinin bağlanılmaması nəticəsində yuxarıda göstərilən neqativ hallara yol verilir. Həmkarlar ittifaqı təşkilatlarına kənd təsərrüfatı işçilərinin əmək münasibətlərinin Əmək Məcəlləsi normalarına uyğun tənzimlənməsinə və onların hüquqlarının pozulması hallarına yol verilməməsi üçün ictimai nəzarəti daha da gücləndirmək tövsiyə olunmuşdur. Tədbirdə iştirak edən aqrar sektorun işçilərini maraqlandıran suallar ətraflı cavablandırılmış, irəli sürülən məsələlər barədə müvafiq orqanlar qarşısında vəsatət qaldırılacağı bildirilmişdir. Seminar işgüzar şəraitdə keçmiş və tədbir iştirakçılarına normativ-hüquqi sənədlər, həmkarlar ittifaqı işinə aid ədəbiyyat paylanmışdır.
Nizami İSMAYILOV, "Kənd-Qida İş" Hİ Federasiyasının baş hüquq müfəttişi.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.