Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
- Emil müəllim, paytaxtın başqa əraziyə köçürülməsini zəruri edən amillər hansılardır? Doğrudanmı, paytaxt köçürülərsə Bakının problemləri həll ediləcək? - Paytaxtın köçürülməsi ilə bağlı artıq xeyli müddətdir müzakirələr aparılır. Bu məsələnin ortaya atılması məqsədli xarakter daşıyır. Kimlərsə bu məsələdən istifadə edib, siyasi xal yığmaq istəyir. Dünyada cəmi 5 şəhər 200 ildən artıq tarixi əhatə edən Baş Plana malik idi. Bu şəhərlər sırasında Bakı da olub. Bakının paytaxt kimi seçilməsində təkcə azərbaycanlıların yox, dünyanın digər ölkələrinin də müəyyən rolu olub. Neçə il əvvəl türklər mənə bir kalendar bağışlamışdılar. Orada göstərilirdi ki, Allahın müqəddəs adlarından biri də Bakıdır. Bakının idarəetmə orqanları 100 ildən çox bir müddətdə şəhəri qoruyub saxlamışdı. Bütün bunlar darmadağın edildi. İndi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində yalnız kommunal təsərrüfat və yaşıllıq idarələri qalıb. Onların da fəaliyyəti hiss edilmir. Bu gün paytaxtın köçürülməsi ideyasını ortaya atanlardan bunun səbəbini soruşanda onların birinci cavabı olacaq ki, tıxac problemi var. Bakıda əhalinin sayının artması, həddindən çox göydələnlərin tikilməsi, ekologiyanın korlanması da səbəb göstəriləcək. Sual olunur: nə üçün şəhərə rəhbərlik edənlər vaxtında sadalanan bu səbəblərə göz yumurdular ki, indi də paytaxtı köçürmək zərurəti yaransın? - Axı dünyanın bir çox ölkələrində paytaxtın köçürülməsi təcrübəsi müsbət nəticə verib… - Bu ideyanı ortaya atanlar nəzərə almır ki, Bakı geopolitik şəhərdir. Bakı öz-özünə paytaxt olmayıb. Vaxtilə sənaye, tikinti və digər sahələrdə bütün qabaqcıl texnologialar Bakıya gətirilirdi. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev Bakıya yaraşıq verən binalar tikdirmişdilər. Bakının meqapolis kimi yaranmasında dünya səviyyəsində tanınmış 45-dən artıq memarın əməyi olub. Exler, Ploşka, Qaslavskinin iştirakı ilə Azərbaycanın cavan memar nəsli - Hüseynovlar, Dadaşovlar, Qasımzadələr Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çeviriblər. Bu mənada paytaxtın köçürülməsi ən böyük cinayət olardı. Düzdür, bir müddət əvvəl Qazaxıstanın paytaxtı Almatıdan Astanaya, Türkiyənin paytaxtı İstanbuldan Ankaraya köçürüldü. Lakin həmin ölkələrdə paytaxt birdən-birə dəyişdirilmədi. Astana elə bir yerdir ki, qışda 50 dərəcə şaxta, yayda isə 40-45 dərəcə isti olur. Son 8 il ərzində həmin ərazidə böyük bir meqapolis yaratdılar. Dövlət tərəfindən külli miqdarda vəsait ayrıldı. Memarlıq və tikinti işlərinə ciddi nəzarət həyata keçirildi. Hazırda Astanada elə bir şəhər qurulub ki, insanı heyran edir. Axı Bakı dünyanın hazırkı ən cəlbedici şəhərləri ilə bir sırada dayanırdı. Xəzər dünyanın göz bəbəyi hesab olunur. İndi Bakı kimlərinsə xoşuna gəlmirsə, buna görə paytaxtı köçürmək olmaz axı. - Belə olan halda Bakının mövcud problemlərinin həllini nədə görürsünüz? - Gəlin, səriştəli insanları, təcrübəli memarları yığıb müzakirələr aparaq. Mövcud problemlərdən çıxış yollarını axtaraq. Problemi həll etmək üçün bir sıra yollar mövcüddür. Məsələn, Xırdalan şəhərindən Şamaxı istiqamətində, Şıxovdan Salyan istiqamətində, Sumqayıtdan şimal istiqamətə, Əhmədli zonasından Zığ istiqamətində şəhəri genişləndirmək mümkündür. Bakının mövcud infrastrukturuna toxunmadan bu işlər görülsə problemin bir hissəsi həll edilə bilər. Amma bu işlərin hamısı planlı şəkildə, regionun xüsusiyyətləri nəzərə alınmaqla görülməlidir. Millətin qeydinə qalmaq üçün sadaladığım istiqamətlərdə şəhəri genişləndirmək, gözəl prospektlər yaratmaq, yeni binalar tikmək mümkündür. Lakin həmin binalar hazırda tikilənlər kimi hündürmərtəbəli olmamalıdır. Göydələnlər Bakıya məxsus olan memarlıq deyil. Bakı belə ağırlığa davam gətirə bilməz. Bakıda ancaq 4-5 mərtəbəli gözəl binalar tikilməlidir. Əvvəlcə şəhərin genişləndirildiyi həmin ərazilərdə bütün infrastrukturlar yaradılmalıdır. Sonra mərkəzdəki bütün nazirliklər, institutlar həmin istiqamətlərə köçürülməlidir. Bunun üçün ilk növdəbə körpülər, yollar, mühəndis-kommunikasiyalar inşa etmək lazımdır. Bu gün artıq yeri qazıb, qaz, kanalizasiya xətləri çəkmək olmaz. Artıq tikinti işləri yeni konstruksiyalarla aparılmalıdır. Həmin infrastrukturları yaratmaq üçün köhnə metodlardan istifadə etmək düzgün deyil. Müasir şəhər XXI əsrin yeni texnologiyaları əsasında qurulmalıdır. Yuxarıda sadaladığım istiqamətdə şəhəri genişləndirmək üçün dünyada tanınmış memarların, mühəndislərin fikirlərindən yararlanmaq olar. Ancaq birmənalı olaraq əcnəbi mütəxəssislərin fikirləri əsasında şəhər yaratmaq da effekt verməz. Çünki Azərbaycana məxsus şəraiti, mövcud adət-ənənəni bu ölkədə yaşayanlardan başqa heç kəs bilməz. Bakı salınarkən dünyanın ən müasir memarlıq üslublarından istifadə edilmişdi. İndi isə Bakı elə vəziyyətə gətirilib ki, adi qar yağanda da şəhər iflic olur. Şəhərin elə sahələri var ki, günəş işığı üzünə həsrət qalıb. Payız mövsümündə düşən qar yaya qədər ərimir. Paytaxtın əksər məhəllələrinə girmək mümkün deyil. Toz-torpaq, zibil hərəkət etməyə imkan vermir. Bakı pis mənada tanınmaz hala düşüb, zibilxanaya çevrilib. - Paytaxtın genişləndirilməsi üçün təxminən nə qədər vəsait tələb olunur? - Bu işləri görmək üçün Azərbaycanın bütün imkanları var. Təklif edirəm ki, gəlin Azərbaycana daxil olan neft milyonlarının bir hissəsini qədim memarlıq abidələrinin bərpasına, bərbad halda olan kommunikasiya sisteminin təmirinə ayıraq. Əvvəlcə yekun qərara gəlmək lazımdır ki, Bakının mövcud problemlərinin həlli üçün nə etmək istəyirik? Gələcək 20-25 ildə hansı işləri görməyi nəzərdə tuturuq? Bundan sonra müəyyən istiqamətlər müəyyənləşdirib iş görmək olar. 4-5 illik planlar hazırlanmalıdır. Hər beş ildə 250-300 milyon xərcləməklə bu işləri yoluna qoymaq olar. Mən buna Böyük Bakının yaradılması deyərdim. Böyük Bakıya Ələti, Lökbatanı da bərpa edib yaxınlaşdırmaq olar. Amma bu gün vəsaitin artıqlığından binaların üzləri yonulur. - Yeri gəlmişkən, binaların təmizlənməsi üçün görülən bu işlər sizi qane edirmi? - Hər bir inşaat materialının canlıya oxşayan öz xüsusiyyəti var. Daş divarları o şəkildə yonmaq olmaz. Əvvəlcə daş karyerlərinin vəhşicəsinə istismarını qadağan etmək lazımdır. Təbiəti bu şəkildə istismar etmək ekologiyanı bərbad vəziyyətə salır. Bizim gələcəyimiz təhlükə altındadır. Binaların fasadlarının üzünü daşla sürtmək cinayətdir. Qədim evlər əsrlərin rəngini özündə saxlayır və insanlarda həmin tarixə aid fikir oyadır. Binaların tozunu və yağını belə təmizləmək olmaz. Bununla binaları bərbad vəziyyətə qoyurlar. Binaları tozdan və yağlardan təmizləməyin xüsusi texnologiyası var. Bunun üçün 3-4 faizlik duz turşusundan, sudan da istifadə edilir. Binaları yonanda daşların keyfiyyəti itir və erroziya güclənir. Bu gün Yerusəlim, Odessa kimi şəhərlərdə tikinti xüsusi daşlarla aparılır. Qalan materiallarla bina tikməyə icazə verilmir. Ona görə də həmin şəhərləri gəzəndə elə bilirsən cənnətə düşmüsən. Bizdə isə bütün bəlalar şəhərsalmanın səriştəsiz insanlara tapşırılmasından irəli gəlir. Adama deyərlər, fiziksənsə, get dərs de. Sənin nə işin var ki, düşmüsən bu şəhərin canına? Yaxud həkimsənsə, get təbabətlə məşğul ol. Baytarsansa, yolların çəkilişində sənin nə işin var? Bakının üzərində bu cinayəti törədənlər cəzalandırılmalıdır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.