Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ölkədə pensiya yaş həddi azaldıla bilərmi?

.

01.05.2024 00:30
5
A+
A-

MDB ölkələri arasında ən yüksək pensiya yaşı Azərbaycandadır. Statistik məlumatlara əsasən qeyd edim ki, həm də ən az pensiyaçı olan ölkələrdənik. Pensiya sahəsində daim müzakirə olunan və bu sahədə ictimaiyyəti maraqlandıran məsələlər barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat  Vahid Əhmədov dedi ki, pensiya mövzusu mütəmadi olaraq Milli Məclisdə plenar və komitə  iclaslarında  müzakirə olunur, yəni bu məsələyə ciddi toxunulur.

 Pensiya yaşının azaldılması məsələsinin gündəmdən düşməməsinin əsas səbəbi insanların əksəriyyətinin pensiya yaşına çatmadan vəfat etmələridir. Son vaxtlar həm koronavirus, həm də digər xəstəliklərin artması ilə əlaqədar insanların ömrü daha da qısalıb.

Millət vəkili pensiya yaşının azaldılmamasının səbəbini isə  Azərbaycandakı insanların orta yaş müddətinin yüksək olması ilə əlaqələndirirlər, -dedi. Məsələn, 65 yaşda vətəndaşımız pensiyaya çıxır və 12 il pensiya alır ki, bu da edir 77 yaş. Bildirilir ki, bu yaşda ölkəmizdə yaşayanlar kifayət qədər çoxdur. Təbii ki, biz bununla qəti razı deyilik, çünki bunun əksini sübut edən statistik rəqəmlər, faktlar var.

Pensiya yaşının azaldılması ilə bərabər, mən həmişə təklif edirəm ki, yaxın gələcəkdə 3 və daha artıq övladı olan qadınların pensiya yaşı da azaldılmalıdır. Belə ki, qərar qəbul edilib və 5 uşağı olan analar 5 il daha tez təqaüdə çıxa bilər. Lakin 5 uşağı olan anaların sayı çox deyil axı, burada cəmi 16-17 min nəfərdən söhbət gedir. Bu qanun 3 uşaq və ondan çox övladları olanlara da şamil olunmalıdır. 

- Vahid müəllim, ictimaiyyət arasında narazılığa səbəb olan məsələlərdən biri də pensiya yaşına çatmadan vəfat edən insanların yığılmış pensiya məbləğinin onların varislərinə verilməməsidir.  Bəzi hallarda pensiya yaşının yüksək olması ilə bərabər, bu hal da insanları rəsmi iş yerinin və gələcəkdə pensiya təminatının olması fikrindən uzaqlaşdırır. Onlar qeyri-formal işçi olmaqdan narahat olmurlar və bildirirlər ki,  pensiya almaq  onsuz da şans işidir.

İnsanların sığortada yığılan vəsaiti onların əməkhaqlarından tutulub. Hesab edirəm ki, vətəndaş özününkü olan bu vəsaiti, pensiya yaşına çatdı-çatmadı, götürüb istifadə edə bilər və ya vəfat edərsə, bu məbləğ onun ailəsinə, varisi kimdirsə ona verilməlidir. Bu məsələ də müzakirə obyektidir. Düzdür, hələ aidiyyəti qurumlarla ümumi razılığa gəlməmişik, amma müzakirələr davam edir.

Mövzuya münasibət bildirən iqtisadçı - ekspert Rəşad Həsənov məsələnin mahiyyətini statistik göstəricilərlə, digər ölkələrlə müqayisə edərək açıqladı. Dedi ki, ölkədəki sosial-iqtisadi şərtlər, əhalinin yaş həddi, eyni zamanda gözlənilən pensiya dövrü və digər ölkələrin iqtisadiyyatları ilə müqayisə onu göstərir ki, bu gün ölkədə tətbiq edilən pensiya yaş həddi kifayət qədər yüksəkdir: “Bu, bütün indiqatorlarda özünü göstərir. MDB ölkələri üzrə pensiyaçıların əhalinin ümumi xüsusi çəkisindəki payını biz müqayisə etmiş olsaq görərik ki, ölkəmizdə bu göstərici 2 dəfə azdır. MDB üzrə orta göstərici 23 faiz, Azərbaycanda isə 11 faiz ətrafındadır.

 Başqa indiqator gözlənilən pensiya dövrü məsələsidir. Bu, iki formada müqayisə oluna bilər. Bir, bu indiqatorun təsdiq olunduğu dövr. 2006-cı ildə bu indiqator təsdiq olunanda ölkədə pensiya yaşı bu deyildi. Azərbaycanda qadınlarda 55, kişilərdə 58 yaş ətrafında idi. Amma ondan sonrakı dövrdə pensiya yaşı əhəmiyyətli səviyyədə artırılıb. Kişilərə münasibətdə təxminən 7, qadınlara münasibətdə də proses bitməyib, amma təxminən 10 il artırılacaq. Buna baxmayaraq, bizim gözlənilən pensiya dövrü indiqatorumuz dəyişmir. Bir də real gözlənilən pensiyaalma müddətini biz müqayisə edəndə görürük ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələr üzrə orta göstərici təxminən 24 ildir. Avropa Birliyində 22-23 il arasında dəyişir. Azərbaycanda müvafiq göstəriciyə baxsaq, əslində reallıqda bu, təxminən 6 ildir. Yəni, erkən pensiya dövrünü də nəzərə almış olsaq, 12 il yarıma gəlib çatır. Yenə də bizdə mövcud göstərici kifayət qədər aşağı məbləğ olur.

Ekspert dedi ki, digər müqayisə yaş həddi ilə bağlıdır. Yaş həddi ilə müqayisə aparanda, biz görürük ki, faktiki olaraq  bizdə pensiya yaşı ilə orta yaş həddi arasındakı balans pozulub. Yaxud da effektiv pensiya yaşı deyilən anlayış var. Effektiv pensiya yaşı nə deməkdir? Bununla bağlı Birləşmiş Millətlər Təşkilatının əsas metodologiyası ondan ibarətdir ki, əmək bazarında orta yaş həddi 40 və  üzərində olur. Bu nisbətlər arasında yaş həddi müəyyənləşdirilir. Təəssüf ki, araşdırmalarım zamanı Azərbaycanda işçi qüvvəsinin orta yaş həddini tapa bilmədim. O göstərici bizə məlum olsa, real pensiya dövrünü müəyyən etmək daha dəqiq olardı. Lakin ümumiləşdirmiş olsaq, pensiya yaşı 60 yaş ətrafında olmalıdır.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: