Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əmək bazarında sıxlıq ali təhsilli

işsizlər ordusu yaranmasına səbəb olur

01.05.2024 00:47
7
A+
A-

Azərbaycanda 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Etiraf edə bilərik ki, bu gün Azərbaycan ali təhsil müəssisələrinin bir çoxu əmək bazarının tələblərinə cavab vermir. Bunun əsas səbəbi isə ali təhsil müəssisələrinə qəbul zamanı əmək bazarının tələb və ehtiyaclarının nəzərə alınmamasıdır.

Statistikaya görə, Azərbaycan dünyada oxuma-yazma səviyyəsinin ən yüksək olduğu ölkələrdən biridir - 99,8%. Hansı ki, bu rəqəm Avropa ölkəsi olan Yunanıstanda 97,9%, ən inkşaf etmiş dövlətlərdən biri Sinqapurda 97,3%, Nigeriyada 62%, Hindistanda 74,4%, Çində 96,8% və s. təşkil edir. Müstəqillik dövrünün ilk illərindən təhsildə bir sıra yeniliklər tətbiq edildi və post-sovet təhsil sistemində islahatlar aparıldı. Test və kurikulum sistemlərinin tətbiqi, dövlət sifarişi əsasında təhsil, fərqli layihələr buna misal ola bilər.

Təhsil üzrə ekspert Kamran Əsədov bu təhsil sistemində müəyyən boşluqların olduğunu, təcili bəzi dəyişikliklərin vacibliyini dedi: “Hesab edirəm ki, əmək bazarı yenidən təhlil olunmalıdır. Hansı ixtisaslar üzrə kadrlara ehtiyac duyulursa, həmin ixtisas üzrə qəbul həyata keçirilməlidir. Bu gün heç bir planlaşdırmaya ehtiyac yoxdur. Ali təhsil müəssisələri dövlət orqanları, özəl sektor, digər xidmət sahələrinə kadr hazırlayır. Bütün hallarda əmək bazarının tələbləri, ixtisaslar üzrə tələb olunan bilik və bacarıqlar araşdırılmalıdır”.

Ekspert dedi ki, bir tədris ilində ali təhsil müəssisələrinə qəbul olan mütəxəssislərin 4 il sonra, sadəcə, 42 faizi ixtisası üzrə fəaliyyət göstərə bilir. Bu onun göstəricisidir ki, ali təhsil müəssisələrində əmək bazarının tələbləri nəzərə alınmır: “Çox təəssüf ki, hazırda Azərbaycanda orta məktəb dövründə şagirdlərdən tələb olunan və əzbərə əsaslanan 11 illik dərs sisteminin əsas məqsədi, sadəcə, şagirdi anlamını belə bilmədiyi, sadəcə, onun üçün asan və ya haqqında müəyyən dərəcədə məlumatının olduğu ixtisas üzrə universitetə qəbul olmasına nail olmaqdır. 11 illik təhsilin ilk illərində gərəkli ilkin biliklər verilir və bir nöqtədən sonra tələbənin fokusu illər sonra olacaq 3 saatlıq bir imtahana yönəlir, sadəcə, 5 fəndən ibarət olan bir çərçivəyə salınır. Növbəti mərhələdə ali təhsil müəssisələri gəlir və burda da fərqli problemlər üzə çıxır”.

“Azərbaycanda 40 dövlət və 12 özəl universitet var. Bəs bu universitetlər öz potensiallarından nə dərəcədə istifadə edə bilirlər?” sualını cavablandıran Kamran müəllim dedi ki, təhsil sistemi tələbəyə, onun bilik və bacarıqlarının hərtərəfli inkişafına xidmət etməlidir, əzbər əsaslı yox, praktiki biliklərə əsaslanan və uzunmüddətli dövrdə əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasına xidmət etməlidir: “Hazırda dövlət və qeyri-dövlət ali təhsil müəssisələri, elmi təşkilatlarda təhsil alanların sayı təxminən 200 min nəfərdir. Bunların hər biri bir neçə il sonra əmək bazarına daxil olacaq ixtisaslı kadrlardır. Xüsusilə özəl sektorda iş imkanlarının əksəriyyəti paytaxtda mövcuddur. Bu da məzunların paytaxta toplanmasına, əmək bazarında sıxlıq, ali təhsilli işsizlər ordusu yaranmasına səbəb olur.

K.Əsədov qeyd etdi ki, büdcədən təhsil üçün ümumi məbləğ hər il artmaqdadır, amma bu vəsait doğru istiqamətdə yatırılmadıqda uzunmüddətli dövrdə öz mənfi nəticələrini göstərir. Son akademik ildə Azərbaycandan 975 nəfər fərqli ixtisaslar üzrə təhsilini xarici ölkədə davam etdirir. Əslində bu, yaxşı bir statistika olmalıdır. Çünki xaricdə təhsil almış tələbə fərqli təcrübə və bacarıqları özündə cəmləşdirə, ölkə üçün çox dəyərli kadr rolunu oynaya bilər. Amma əgər əmək bazarı fərqli səbəblərdən gözləntiləri qarşılaya, öz-özünü yaxşıya doğru tənzimləyə bilmirsə, o zaman da bu kadrlar başqa ölkələrə üz tutmalı olurlar.

ABŞ-də dövlət bir tələbənin orta məktəb dövründə təhsili üçün, ortalama olaraq, hər il 14.000 dollar, ali təhsili üçün 35.000 dollar xərclədiyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində isə orta və ali təhsil üçün bu rəqəmlərin uyğun olaraq 10.000 və 17.000 dollar olduğu hesablanmışdır. İnsan çox dəyərli bir kapitaldır. Və yaşadığımız cəmiyyətin hərtərəfli inkişafı üçün bu kapitala ehtiyacımız var. Bir sıra dövlətlər ixtisaslı kadrları yuxarıda qeyd etdiyim yüksək xərcləri çəkmədən cəlb etmək üçün fərqli siyasətlərə əl atırlar. Kanada, İsveçrə buna ən yaxşı nümunə ola bilər. Bu ölkələr yerli kadr sayı kifayət etmədiyi üçün hər il əmək bazarının tələblərinə uyğun olaraq müəyyən say limiti daxilində fərqli sahələrdə ixtisaslaşmış kadrlar üçün öz sərhədlərini açırlar. Burda keyfiyyətli təhsil sistemi və bazarda mövcud “görünməz əl” öz funksiyalarını yerinə yetirmiş olur.

Sadəcə olaraq, məşğulluq strategiyasında əsas hədəf odur və başlıca məqsəd də məhz bu olmalıdır ki, əmək bazarına hər il daxil olan yeni işçi qüvvəsi kütləsi iqtisadiyyatda mümkün dərəcədə maksimum səviyyədə yerləşim əldə etsin. Bizdə bu rəqəm təxminən ildə 100 min nəfər təşkil edir. Bunun üçün isə 2 amil tələb olunur: birincisi, bazara daxil olan hər işçi qüvvəsi kütləsi keyfiyyətcə özündən əvvəlkindən daha yüksək olmalı, ikincisi isə, iqtisadi artım daimi xarakter daşımalıdır. Hər il 100 min işçinin müvafiq iş yerləri ilə təmin edilməsi olduqca çətin vəzifədir. Lakin sahibkarlığı fasiləsiz olaraq inkişaf etdirməklə, təhsilin səviyyəsini də buna uyğun təşkil edərək ildə 100 min nəfərdən də çox işçi qüvvəsinə tələbat yaratmaq mümkündür.

Hesab edirəm ki, iqtisadiyyatın tələbi nəzərə alınmalıdır. Təhsil sistemi buna uyğun qurulmalı və təşkil edilməlidir. Bu sahədə kredit siyasəti konkret olaraq iqtisadi tələblərə cavab verməli, əmək bazarındakı mövcud vəziyyətə uyğun həyata keçirilməlidir. Yoxsa bizdə ali təhsil ocaqları, lazım gəldi-gəlmədi, ucdantutma məzun buraxmaqdadır. Əmək bazarı dolub daşır...”

 

Aliyə ARİFQIZI

ETİKETLƏR: