Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təlimlər nəyə xidmət edir?

qaydalara riayətə, yoxsa qəzalara “hazırlığa”

01.05.2024 00:50
8
A+
A-

Son vaxtlar paytaxt küçələrində təlim maşınlarına tez-tez rast gəlirik. Avtomobil sürməyi öyrənmək istəyənlər təlimçilərə üz tuturlar. Ancaq bəzi hallarda təlim maşınları yollarda digər avtomobillərin hərəkətinə əngəl törədir. Nəticədə isə ağır qəzaların baş verməsinə səbəb olurlar. Məlumatlara görə, son vaxtlar təlim maşınları ilə törədilən qəzaların sayı xeyli artıb.

Səbəb də öyrədilənlərin ilk gündən magistral yolda təlim keçməsidir.

Nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, “Yol hərəkəti haqqında” qanunun tələblərindən biri də odur ki, təlim maşınları ilə avtomagistralda hərəkət etmək olmaz: “Bəzi təlimçilər buna əməl etmirlər. Lakin gözdən pərdə asmağa çalışırlar ki, guya təlimçi özü sükan  arxasındadır. Amma bəzən biz bunun əksini görürük”.

Ekspert qəzaların, sözsüz ki, qaçılmaz olduğunu vurğuladı: “Biz təlim maşınlarındakı əzikləri görəndə bilirik ki, vəziyyət heç də ürəkaçan deyil. Ona görə də avtomobil təlimi ciddi məsuliyyət tələb edir. Ümumiyyətlə, təlim prosesi ciddi nəzarət altında aparılmalıdır. Təlim ilkin mərhələdə qapalı zonada, sonra isə ümumi istifadədə olan yollarda aparıla bilər”.

E. Muradlı təlimçilərin sertifikatlaşdırılması məsələsinin aktuallığına toxunaraq dedi ki, bu məsələ nə qədər vacib olsa da, təəssüflər olsun ki, hələ də həllini tapmır. İdeya belədir ki, təlimçilər özləri də təlimə cəlb olunsun. Belə olan halda insanlar da yanına getdiyi təlimçinin peşəkarlığından əmin olacaqlar. 

 

Leyla BƏHRAMQIZI

 

ETİKETLƏR: