Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


28 Aprel Ümumdünya  Əməyin Mühafizəsi Günüdür

İqlim dəyişikliklərindən irəli gələn çağırışların tarif sazişlərində, kollektiv müqavilələrdə əksini tapmasını, dəqiq yerinə yetirilməsini vacib saymışlar.

01.05.2024 00:52
13
A+
A-

Aprel ayının 23-də Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi “Ümumdünya Əməyin Mühafizəsi Günü” münasibətilə tədbir keçirib. Seminar-müşavirədə çıxış edən Respublika Komitəsinin sədri Telman Quliyev bu əlamətdar gün və ölkəmizdə işçilərin sağlamlığı ilə əlaqədar görülən işlər barədə qısa məlumat verib. Deyib ki, cəmiyyətdə gedən ictimai-siyasi proseslər əmək məsələlərini və sosial-iqtisadi problemləri tənzimləyən milli qanunvericilik aktlarının təkmilləşdirilməsini və beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsini zərurətə çevirib. Ona görə də Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra əmək qanunvericiliyi sahəsində ciddi islahatlar aparılıb, əmək münasibətləri və əməyin mühafizəsi sahəsində yeni normativ-hüquqi aktlar qəbul edilib. Aparılan hüquqi islahatların məntiqi nəticəsi kimi 1999-cu il iyulun 1-də Azərbaycan Respublikasının Əmək Məcəlləsi qüvvəyə minib. Əmək Məcəlləsinin 33-cü maddəsi əməyin mühafizəsi normalarını əhatə etməklə bərabər, işçilərin sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı işəgötürənlərin məsuliyyətini də müəyyən edir.

Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, dünyada hər il istehsalatda təxminən 270 milyon bədbəxt hadisə baş verir. Nəticədə 2 milyondan artıq insan həyatını itirir və milyonlarla insan ömürlük şikəst olur. Bütün bunları nəzərə alaraq Beynəlxalq Əmək Təşkilatı aprelin 28-ni - Ümumdünya Əməyin Mühafizəsi Günü elan etdi.

2004-cü ildən etibarən Azərbaycanda da Ümumdünya Əməyin Mühafizəsi Günü dövlət səviyyəsində qeyd olunur. Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi də ənənəvi olaraq hər il Ümumdünya Əməyin Mühafizəsi Gününü qeyd edir. Hər il bu münasibətlə keçirilən tədbirlərdə xidmətimizdə olan təşkilatların həmkarlar ittifaqı komitələrinin sədrləri, insan resursları və kadrlarla iş şöbələrinin mütəxəssisləri və texniki əmək müfəttişləri iştirak ediblər.

***

Aprelin 26-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə “İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri” devizi altında tədbir keçirilib. Muzeyin Həmkarlar İttifaqı Təşkilatının dəstəyi ilə keçirilən tədbirdə muzey əməkdaşları ilə yanaşı, qonaqlar da iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan muzeyin Həmkarlar İttifaqı Təşkilatının sədri Ceyran Qənbərli bildirdi ki, bu tədbiri noyabr ayında Bakıda keçirilməsi gözlənilən BMT-nin “İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının Tərəflər Konvensiyasının 29-cu sessiyasının (COP29) tərkib hissəsi də adlandırmaq olar. Çünki COP29-da, yəqin ki, iqlim dəyişikliklərinin əməyin mühafizəsinə, sağlamlığa təsiri də müzakirə mövzusu olacaq.

C.Qənbərli qeyd etdi ki, respublikamızda əməyin mühafizəsi və insanların əmək hüquqlarının qorunması və təhlükəsiz iş şəraiti ilə təmin olunması daim diqqət mərkəzindədir və bu istiqamətdə ölkə miqyasında davamlı işlər görülür, nəzarət və maarifləndirmə tədbirləri həyata keçirilir.

Mövzu ilə bağlı məruzə edən muzeyin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Cəmilə Dəmirova bildirdi ki, Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2003-cü ildən etibarən aprelin 28-i Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd olunur. Azərbaycanda son illər bir sıra sosial proqramlar icra edilir, investisiya layihələri həyata keçirilir. Nəticədə ölkəmizdə yeni iş yerlərinin sayı artır və paralel olaraq işçilərin hüquqlarının qorunması da diqqət mərkəzində saxlanılır.

Tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Mədəni-kütləvi işlər üzrə şöbə müdiri Əfsanə Gülməmmədova çıxış edərək belə tədbirlərin hər bir müəssisə və təşkilat tərəfindən iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına xidmət etdiyini söylədi.

Tədbir müzakirələrlə davam etdirildi.

***

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasının üzv təşkilatlarında “İqlim dəyişikliyinin əməyin mühafizəsinə və sağlamlığa təsiri” mövzusunda silsilə tədbirlər keçirilir. Tədbirlər daha çox maarifləndirici xarakter daşıyır. Dəvət olunmuş mütəxəssislər, həmkarlar ittifaqı liderləri, fəalları, təşkilatların əmək müfəttişləri iqlim dəyişikliklərinin iş dünyasına vurduğu ziyandan konkret faktlarla söz açmış, bu ziyanın qarşısını almaq, ən azı qədərini azaltmaq üçün işəgötürən və işçi tərəfdaşlığının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırmışlar.

İqlim dəyişikliklərindən irəli gələn çağırışların tarif sazişlərində, kollektiv müqavilələrdə əksini tapmasını, dəqiq yerinə yetirilməsini vacib saymışlar.

Təbii ki, seminarlarda oxunan məruzələrdə təşkilatın fəaliyyət göstərdiyi ərazinin, mənsub olduğu sahənin xüsusiyyətləri nəzərə alınırdı. Məsələn, Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə Nəzarət İdarəsinin baş hidrogeoloqu R.Allahverdiyev İqlim dəyişiklikləri, su ehtiyatları və onun idarə olunması mövzusunda geniş məruzə ilə çıxış etmiş, dünyanı narahat edən qlobal problemlərdən, onların canlı aləmə təsirindən narahatlığı qeyd etmişdir.

Silsilə tədbirlər davam edir. “Azərsun Holdinq” Şirkətlər Qrupunun təşkilatlarında, “ULU AQRO” MMC-də, “PAK QİDA” MMC-də və s. müəssisələrdə əməyin təşkili və mühafizəsi, iqlim dəyişikliklərinin vurduğu ziyanlara məruzqalma halları barədə müzakirələr aparılmaqdadır.

Federasiya bu tədbirlərin keçirilməsi üçün müəssisə və təşkilatlara əməli köməklik göstərir.

 

 

Arifə ƏLƏKBƏROVA,

“Kənd-Qida-İş” Hİ Federasiyasının baş texniki əmək müfəttişi

ETİKETLƏR:

Foto