Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Mühasibatlıq tərəfindən işçinin əməkhaqqından neçə faiz tutula bilər?

Saleh ƏFƏNDİYEV, Bakı şəhəri.

01.05.2024 01:03
12
A+
A-

-Əmək Məcəlləsində əməkhaqqından tutulan məbləğlərin məhdudlaşdırılması müəyyən edilmişdir. Belə ki, hər dəfə əməkhaqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əməkhaqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.

Əməkhaqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əməkhaqqının əlli faizi saxlanmalıdır.

Bu maddənin birinci və ikinci hissələri ilə müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən, habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əməkhaqqından məbləğlərin tutulmasına şamil edilmir.

 

Mediasiya vasitəsilə hansı ailə münasibətləri tənzimlənir.

 

Sevinc ŞAMİLOVA, Gəncə şəhəri.

 

-Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiyanın bəzi xüsusiyyətləri mövcuddur. “Mediasiya haqqında” qanuna uyğun olaraq ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr mediasiya vasitəsilə həll oluna bilər:

- nikahın davam etdirilməsi şərtləri;

- valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;

- uşağın yaşayış yerinin müəyyən edilməsi;

- uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası;

- ailə münasibətlərindən irəli gələn digər mübahisələr.

Mediasiyaya dair şərtlər də nikah müqaviləsinə daxil edilə bilər. 

 

İşçilərə ödənilən hansı vəsaitlər orta əməkhaqqı      hesablanan zaman nəzərə alınır?

 

Sahib HƏSƏNOV, Bakı şəhəri.

 

- Orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmişdir. Nəzərə alınan ödənclərin siyahısı aşağıdakılardır:

faktiki işlənmiş vaxt üzrə tarif (vəzifə) maaşı;

müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatların və Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatların bir aya düşən müvafiq hissəsi; 

kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əmsallar və əlavələr (əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatı;

uşağın yedizdirilməsi üçün ayrılmış fasilələrin ödənilməsi;

qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentliklərinin ştatlarında olan əbədi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlar, daimi xarakter daşıyan müəlliflik, artist qonorarları və quruluş haqqı;

işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarını yerinə yetirmədiyinə, soyuq və isti hava şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələr;

əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləliyə və doğuma görə müavinətlər;

qanunvericilikdə işçilərin iş yerlərinin və orta əməkhaqqının saxlanıldığı, əvvəlki əməkhaqqı ilə yeni iş yerindəki əməkhaqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanıldığı hallarda;

məcburi işburaxma dövrünün ödənilməsi;

əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əmək haqqı.  

Qeyd edək ki, yuxarıdakı Siyahı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177-ci maddəsinə uyğun olaraq əmək məzuniyyəti dövrü üçün verilən əməkhaqqı istisna olmaqla qalan bütün hallar üçün orta əməkhaqqının hesablanmasında tətbiq edilir.

Müəssisə, idarə və təşkilatlarda normativ-hüquqi aktlarda, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində istehsalın səmərəliliyinin və ya işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədilə mükafatlandırma əməyin ödənilməsi sistemləri ilə nəzərdə tutulmuş mükafatlar sayılır.

ETİKETLƏR: