Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bankların gəlirləri və istehlak kreditləri artıb, kredit faizləri isə ucuzlaşmır...

Bəs banklar ötən 3 ayda iqtisadiyyata və əhaliyə nə qədər kredit verib?

02.05.2024 10:33
6
A+
A-

Mərkəzi Bank (MB) tərəfindən son bir ildə uçot dərəcəsini əhəmiyyətli dərəcədə aşağı salınmasına və bank sektoru üçün əlverişli kredit mühiti yaratmasına baxmayaraq, banklar tərəfindən vətəndaşlara verilən kreditlərin faizlərində heç bir azalma baş verməyib. Bank sektoru neçə illərdir ki, eyni faiz dəhlizini qoruyub saxlamaqla kredit siyasətinin yumşaldılmasına doğru addım atmayıb. Bu tendensiya 2024-cü ilin birinci rübündə də davam edib.
MB-nin məlumatına görə, 2024-cü il 1 aprel tarixinə banklar tərəfindən verilmiş istehlak kreditlərinin milli valyutada orta faiz dərəcəsi 18-20 faiz nisbətində olub. Belə ki, kredit kartları vasitəsilə verilmiş kreditlərin orta faiz dərəcəsi 23%, məişət avadanlıqları üçün verilmiş kreditlərin dərəcəsi 25%, mənzil təmiri üçün kreditlər üzrə 16 %, avtomobil kreditləri üzrə 11% və digər istehlak kreditləri üzrə 18% təşkil edib. Beləliklə, orta kredit faizi təxminən 20 faiz təşkil edib. Həmin müddətdə yalnız kredit kartı vasitəsilə verilən kreditlərin və mənzil təmiri üzrə kreditlərin illik faiz dərəcələri cəmi 1 faiz ucuzlaşıb. Qalan bütün növ kreditlərin faizləri eyni səviyyədə qalıb. Məsələ ondadır ki, kredit faizləri Bakı şəhərində orta dərəcə üzrə 18 faiz təşkil etsə də, rayonlarda bu rəqəm 22 faizdən də yüksəkdir. Bakıda kredit faizləri üzrə orta dərəcənin rayonlara nisbətən 4-5 faiz aşağı olması biznes və eləcə də ipoteka kreditlərinin böyük bir hissəsinin paytaxtın payına düşməsi ilə bağlıdır. Bu gün ölkə üzrə kreditlərin az qala 80 faizi Bakı-Abşeron iqtisadi rayonunun payına düşür. Rayonlarda faiz dərəcəsinin yüksək olması vətəndaşların kreditlərə əlçatanlığının qarşısını alır, bölgələrdə real iqtisadiyyatın maliyyə tələbatının heç 10 faizi ödənilmir. Nəticədə regionlarda sərmayə qoyuluşlarının artırılması, kiçik təsərrüfatların yaradılması və insanların məşğulluğunun təmin edilməsi mümkün olmur. Əhali paytaxta axışır və Bakı şəhərindəki xaotik durum daha da ağırlaşır.
Sual oluna bilər ki, bankların regionlardakı əhaliyə daha çox və aşağı faizlə kredit vermək imkanları varmı?
Hazırkı bank statistikası təsdiq edir ki, bankların kredit vermə imkanları xeyli böyükdür, hətta 2024-cü ilin ötən 3 ayında daha da yaxşılaşıb. Belə ki, bankların kredit portfelinin formalaşmasında əsas mənbələrdən biri olan depozitlərin həcmi cari ilin yanvar-mart aylarında 262,7 milyon manat çoxalaraq 34, 8 milyard manata yüksəlib. Üstəlik, ötən 3 ayda banklardakı əmanət və depozitlərin dollarlaşma səviyyəsi 33,2%-dək azalıb və əmanətlərin 13 milyard manatı xarici valyutada formalaşıb. Bu da bankların balansında böyük həcmdə manat vəsaitlərinin olmasını təsdiqləyir. Bu həm də o deməkdir ki, hazırda bankların iqtisadiyyata və əhaliyə kredit vermək üçün ən azı 20 milyard manat kütləsi var.
Bəs banklar ötən 3 ayda iqtisadiyyata və əhaliyə nə qədər kredit verib?
2024-cü ilin birinci rübündə banklar tərəfindən biznes məqsədli kreditlərin həcmi 4,6 faiz artaraq 13 milyard manat təşkil edib. Həmin vəsaitin tərkibində istehlak kreditlərinin ümumi məbləği 7 milyard manat təşkil edib. Bankların kredit vermək üçün kifayət qədər resursları olmasına baxmayaraq, onlar iqtisadiyyata və kiçik biznes fəaliyyəti ilə məşğul olmaq istəyən ailə təsərrüfatlarına kredit verməkdə xəsislik edir. Bununla yanaşı, onlar faizləri aşağı salmağa meyilli deyil. Halbuki Mərkəzi Bank neçə müddətdir ki, bankları kredit dərəcələrini endirməyə təşviq edən siyasət yürüdür. Son 4 ayda 3 dəfə uçot dərəcəsini aşağı salıb ki, bu da bankların kreditləri ucuzlaşdırmasına əsas verir. Bu təşviqedici və stimullaşdırıcı siyasət sayəsində bankların xalis mənfəəti də ötən 3 ayda xeyli yüksəlib. Belə ki, bank sektoru yanvar-mart aylarında 311,5 milyon manat xalis mənfəət əldə edib ki, bu rəqəm 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,3 % çoxdur. Beləliklə, bankların gəlirləri 1 milyard 355 milyon manata yüksəlib. Bu fakt da onu deməyə əsas verir ki, bankların mövcud resursları kredit siyasətini yumşaltmağa imkan verir, kreditləri ən azı 4 faiz aşağı salmaq mümkündür.
Hazırda ölkədə neft iqtisadiyyatından qeyri-neft iqtisadiyyatına keçid başlayıb, bölgələrdə iqtisadi məşğul əhalini həvəsləndirmək, onların müxtəlif biznes və təsərrüfat fəaliyyətləri ilə təminatını qurmaq üçün onlara mikrokreditlər vermək lazımdır. Bu prosesdə bankların üzərinə böyük məsuliyyət düşür.
Dövlət hazırda daha çox azad edilmiş ərazilərdəki yeni qurulan biznes sahələrinə kreditlərin ayrılmasında maliyyə yükünü üzərinə götürüb, banklar isə kənarda dayanıb, bahalı istehlak kreditləri ilə gəlir güdməkdən başqa real hərəkət etməkdə maraqlı deyil. Mebel, maşın, mənzil təmiri və s. sahələrə yüksək faizlə kredit vermək heç bir halda iqtisadi inkişafa kömək etmir, əlavə dəyər yaratmır. İqtisadiyyata kömək edən, əlavə dəyər yaradan sahələr regionlardakı istehsal, emal və xidmət sahələridir ki, banklar dövlətin iqtisadi inkişafında töhfəverici rol oynamaq istəyirsə, bu sahələrə dəstək olmalıdır.

Elbrus CƏFƏROV

ETİKETLƏR: